Bela Tarr: “Turin atı” filmi barəsində


Hər şeydən öncə demək istəyirəm ki, sizin “Turin atı” də filmi daxil olmaqla, bütün filmlərinizi sevirəm. İlk sualım belə olacaq: “Turin atı” filmində su qurudu, alov söndü. Bu, düşünülmüş bir şey idimi?

Bu, sadəcə anti yaradılışdır. “İncil”i oxumusunuzsa, bilirsiniz ki, Tanrı dünyanı, hər gün yeni bir şey yaratmaqla, altı günə yaratdı. Biz isə Tanrının verdiyi şeyləri güc hesabına əldə etdik.

Film bir qədər reallıqdan uzaq görünür.

– Deyə bilərəm ki, əgər böyük rejissorsansa, sənin öz dilin, biçimin olmalıdır. Bu, mədəniyyətdən, tarixdən, büdcədən və bir çox şeydən asılı ola bilər. Ona görə düşünürəm ki, kino – ətrafda baş verənlərə reaksiyadır. Siz digərlərinə dünyanı necə gördüyünüz haqda danışırsınız. Mən hadisələrə digərləri kimi qarşılıq vermirəm. Axı kiminsə sözü ilə – “Belə qəbuldur, vəssalam. Hər şeyi olduğu kimi saxlayaq” – demək düzgün deyil. Bu, birmənalı olaraq yalan və səhv seçimdir. Özün olmalısan və öz dilini yaratmağa çalışmalısan. Əgər bu baş versə, o zaman başqalarının fikri sənə maraqlı olmayacaq. 34 il ərzində hiss etdiyim və qazandığım da məhz budur.

Bəs digər rejissorlarla dialoqa getmək, yoxsa tendensiyanı saxlamaq?

– Əlbəttə, biz dialoqa gedirik. Bir-birimizə hörmət edirik, sevirik. Amma həm də yaxşı bilirik ki, “onun etdiyi onun, mənim etdiyim mənim işimdir”. Mən Carmuşun, Qas Van Sentin, Atom Eqoyanın, Karlos Reyqadasın yeni filmlərinə məmnuniyyətlə baxıram. Onlar mənim dostlarımdır. Amma biz tamam ayrı planetlərdənik. Daha doğrusu, eyni Yer kürəsinin hər şeyi ilə bir-birindən tamamən fərqlənən müxtəlif bucaqlarından.

Yəqin ki, bu film (“Turin atı”) öz ağ-qara kadrları ilə estetik cəhətdən cəlbedicidir. Amma bir çox rejissorlar bu cür gözəl hesab etməyib, tamam başqa cür edərdilər. Bunu necə qərarlaşdırırsınız?

– Bilirsiniz, mən bilmirəm gözəllik necə olur. Amma bu filmə baxan zaman… Onda gözəl heç nə yoxdur. Bizim göstərdiyimiz həyat gözəl deyil. Bəlkə bu ona görədir ki, mən həyatı bu cür görürəm. Bir neçə uzun plan, kameranın asta hərəkəti və ağ-qara kadrlar. Bu mənim xoşuma gəlir. Və əgər nəsə xoşuna gəlirsə, bunu etməlisən. Mən də edirəm. Mən belə görürəm, belə göstərmək istəyirəm və belə film çəkmək istəyirəm. Bu, təbii bir şeydir və içimdən gəlir. Gözəlliyin nə olduğunu bilmirəm. Mənə görə, gözəl və çirkin adlandırdığımız şeylər hər zaman sual olaraq qalmaqdadır. Bəzən elə insanlar görürük ki, onlar haqqında “çox çirkindir” deyirik. Amma ola bilər ki, həmin insanlar mənim üçün “Vanity Fair”-in üz qabığında olanlardan daha gözəldirlər.

Bəzi kompazisiyalarınız rəsm əsərlərini xatırladır. Bəlkə sizi hansısa rəssamlar təsirləndirib?

– Yox, amma bəlkə də nəsə əlaqə ola bilər. Sizə deyim ki, məni rəsm və incəsənətin digər sahələri kinodan daha çox təsirləndirib. Mən onlardan daha çox şey almışam. Axı hansısa rəsmə tamaşa edərkən onu öz istədiyin kimi görə bilirsən. Filmdə olmadan ona təbiətlə, zamanla və s. əlaqəli şeylər qatırsansa, bunu necə edəcəyini düşünməyə başlayırsan. Hər şeyin dəqiqliklə yerini almağa başlamasını, aydın görünməsini sevirəm. Çünki özüm də bu cürəm.

Ssenaristinizlə necə işlədiniz? (Laslo Krasnaxorkai ilə)

– O, ssenarist yox, yazıçıdır. Kitabları təkcə Macarıstanda deyil, bir çox ölkələrdə və dillərdə nəşr olunub. Məsələn, onu yaxınlıqdakı mağazadan soruşa bilərsiniz. O çox yaxşı yazıçıdır və biz onunla rahat işlədik. Çünki dünyaya baxışımız da eynidir. Bilirsiniz, hətta nəsə bir hadisə ilə qarşılaşanda reaksiyalarımız da eyni olur. Əlbəttə, onun özünü təqdimetmə üslubu fərqlidir. Çünki o yazıçıdır, sözləri var, mən isə rejissoram, obrazlarım var. Bu sadəcə iki fərqli özünütəqdim üslubudur. İstənilən ədəbi əsəri götürüb film etmək düzgün deyil. Amma ondan intellektual rəng qatmaq, hadisə yaratmaq üçün istifadə etmək çox vacibdir.

Filminizdəki at da insan kimi hansısa obrazı ifadə edirdi?

– Əlbəttə, atın öz xüsusiyyətləri var. Amma kastinqlər elə aktyor seçimlərində olduğu kimi aparıldı. Kastinq zamanı biz insanların daxili keyfiyyətlərinə üstünlük veririk, nəinki obraza uyğunluğuna. Obrazlar mənim vecimə deyil. İntuisiyama arxalanaraq seçim edirəm və sonradan hadisələri göstərirəm, aktyor oyununu deyil. Elə buna görə dəqiqliklə seçirəm və çox vaxt eyni aktyorlarla işləməyi sevirəm. Onları tanıyıram və hansı vəziyyətdə özlərini necə aparmaqlarını gözəl bilirəm.

Bəs qeyri-peşəkar aktyorlarla işləmək? Siz…

– Artıq qeyd etdim ki, sadəcə insani keyfiyyətlərə önəm verirəm. Məni onun peşəkar, ya qeyri-peşəkar olması maraqlandırmır. Bir şeyi dəqiq deyə bilərəm: mən onlarda nəsə görməliyəm. Peşəkarlarla işləyən zaman onların aktyorluq fəndlərindən istifadə etməsinə yol vermirəm. Eyni şey qeyri-peşəkarlar üçün də keçərlidir.

Məni filmin soundtrack-i də maraqlandırır. İki musiqi elementi və külək səsi. Belə minimalizmə necə qərar verdiniz?

– Xoşbəxtlikdən, mən həmişə bircə bəstəkarla işləyirəm (Mihály Víg nəzərdə tutulur – tərc.). 1983-cü ildən. Bu isə uzun zaman deməkdir. O olduqca hissiyyatlı, ağıllı, şair və rok musiqiçisidir. O, eyni zamanda bir çox şeylər edir və həm də sənin nə istədiyini gözəl anlayır. O, studiyaya girib, mahnı bəstələməyə başladıqda mən oradan çıxıram. Başa düşürəm ki, onu narahat etmək olmaz. Mən onu tək buraxıram və tezliklə o, yeni musiqisi ilə qayıdır. Konkret bu filmə gəldikdə isə, bu, asan başa gəldi. Öz dediyiniz kimi, iki musiqi elementi və külək səsi.

Filmdə ən çox marağıma səbəb olan qonşunun monoloqundakı sözlər idi. Düşünürəm ki, bu sözlər bir çox suala cavab verir. Amma filmdəki kişi bunları axmaqlıq adlandırır. Kimsə sizə bütün bunları desəydi, siz ona necə cavab verərdiniz?

– Bunun üçün yaxınlıqdakı bara gedib, oradakı sərxoş insanların monoloqunu dinləmək kifayət edir. Bu sadəcə onların düşüncəsidir. Bir nəfər bara gəlib, içki sifariş edir. Ona içki verilənə qədər isə danışır, danışır, danışır… Filmdəki qonşununun sözləri ilə bara gəlib içki istəyən insanın danışıqları arasında oxşarlıq çoxdur. Barda içən insanların söhbətləri hər zaman ciddiyyəti ilə seçilir.

Amma onun, həqiqətən də, maraqlı düşüncələri var.

– Hə, əlbəttə, maraqlıdır. Hər şeyi tükətmişik, nəyə toxunuruq dəyərsizləşdiririk, zibilə çeviririk deməsi. Bunlar həqiqətən anlamlı şeylərdir. Amma mən bunlar haqqında danışmaq istəmirəm. Özünüz düşünün bu barədə.

O deyir ki, hər şeyi almaq olur və əsrlər keçdikcə hamısı dəyərini itirir. Yaşadığımız dünyanı 100, 1000, 10000 il əvvəllərlə müqayisə etdikdə, nə qədər eniş dövrü yaşadığını düşünürük. Bu fikirlərlə razısınız?

– Mən bilmirəm əvvəl dünya necə olub. İndi yaşadığım dünyanı bilirəm və bir də onu dəqiq bilirəm ki, dünyanın hazırkı durumu – bizim əsərimizdir. Əgər indi dünya zibil günündədirsə, bunun səbəbkarı bizik. Gözəldirsə, demək, onu qoruyub saxlaya bilmişik. Amma düzünü desəm, çevrilib baxanda mənə elə gəlir ki, dünya bir pox parçarısıdır. Deyə bilmərəm ki, gözəl, əmək üçün yararlı, heç kimin bir-birini əzmədiyi, alçaltmadığı, hər kəsin bir-birini anladığı, hörmət etdiyi dünyamız var. Yəqin ki, biz bunları görmürük və ya görmədiyimizin fərqində deyilik.

O həm də deyir ki, Tanrı ölüb və…

– Tanrı ölüb və biz bunu Nitsşenin “Zərdüşt”ündən əzbər bilirik. Bu, həqiqətən belədir.

Ağ atlı qaraçılarla olan səhnə çox maraqlı idi. Onlar sanki bu insanları lənətləmişdi və…

– Qaraçıların atları həmişə gözəl olur. Onlar atı haradan almağı və onunla necə rəftar etməyi yaxşı bacarırlar. Əgər siz Avropada qaraçı görsəniz və onun atı olsa, bu çox gözəl at olacaq. Onlar azaddırlar. Azaddırlar. Gəlirlər, gedirlər. Anlayırsınız?

Və sanki burada onların azadlığı ilə qəhrəmanlar arasında kontrast yaranır.

– Yox, onlar elə-belə gəlirlər. Bəlkə də küləkdən, qasırğadan xilas edirlər. Ya da dünyanın sonunu hər kəsdən öncə bilirlər. Əgər insan azaddırsa, bunu daha yaxşı anlayır, nəinki nələrdənsə asılı vəziyyətdə yaşayan biriləri.

Siz inanılmaz işlər görmüsünüz. Mən təsəvvür edirəm ki, bütün bu illər ərzində filmlərinizi necə bir ehtirasla çəkmisiniz. Maraqlıdır, filmlər hazır olandan sonra bu ehtiras necə olur?

– Bilmirəm, nə cavab verim. Bu haqda heç düşünməmişəm. İnsanlarla işləyirsənsə, onları dinləmək, anlamaq, onları çəkəcəyim filmə inandırmaq lazım gəlir. Bu vacibdir. Məcburiyyətlə olmur bu iş. Əgər olsa da, əsl emosiyalardan xaric, boş, quru və qurma görünəcək. Buna nifrət edirəm. Biz onlarda gizlənmiş şeyləri – ya onların özünün xəbərsiz olduğu, ya da göstərməyə cəsarətləri çatmadığı şeyləri üzə çıxarmağa çalışırıq. Necə adlandırmaq lazımdır bilmirəm, ehtiras və ya nəsə başqa şey – o özü gəlir və onu dinləmək lazımdır.

Bu iki paralel dünya haqqında fikirlərinizi bilmək maraqlı olar: sənət kinosu və kütləvi kino. Onlar bir-birindən getdikcə daha çox uzaqlaşırlar?

– Razı deyiləm. Sual budur ki, siz tamaşaçılarınız haqqında nə fikirdəsiniz, onlara etibar edirsinizmi? Mən tamaşaçılarıma etibar edirəm. Onlar uşaq deyillər, kifayət qədər ağıllı, düşüncə qabiliyyəti yüksək, təhsili olan insanlardır. Onlar üçün hər şey etmək lazımdır. Başqa variant da deyə bilərəm: “Sən axmaq uşaqsan. Heç nə anlamırsan. Sənə əylənmək üçün fast food-dan başqa bir şey lazım deyil”. Nifrət etdiyim şeydir. Amma bilirsiniz ki, indi insanlar belə deyil. İnsanlara hörmətsizlik etmək istəyirlərsə, o ayrı məsələ. Amma mən belə şeyləri bəyənmirəm.

Və sonda oxuculara maraqlı olacaq sual. Bir çox gənc ağıllı film çəkmək istəyindədir. Amma onların qarşısında maneələr çox olur. Onlara nə demək istərdiniz?

– Bu elə də çətin deyil. “Satantango” filmim 7 saat 15 dəqiqə idi. Onda hər kəs məni dəli adlandırırdı. Heç kim bu axmaq filmə baxmaq istəmirdi. Amma mənim vecimə də deyildi. Və bilirsiniz nə oldu? Bu film üstündən 16 il keçməsinə baxmayaraq, hələ də nümayiş olunur. Onunla eyni ildə çəkilən digər filmlər isə 1-2 ay sonra zibil yeşiyində idi. Əgər film həqiqətən dərindirsə, üstündən 20-25 il, hətta 50 il də keçsə, müzakirə ediləcək, düzdür? İndi bizim auditoriyamız bir çox axmaq kassa rekordu vurmuş filmləri üstələyir. İstəmirik, filmimiz 2 aya gəlir gətirsin. Qoy sadəcə nümayiş edilsin. Qoy lap 15 il keçsin. Əvəzində bizim də auditoriyamız o məşhur filmlərin auditoriyası qədər olacaq. Sizi buna əmin edirəm.

 

Tərcümə: Şahin Xəlil / Film Fiction 22