Abbas Kiarostami: Küləklə yoldaş


 

Bir ömür geridə qoydum

Bir saniyədə

Özümə ağlayıram

 

* Hər şey dəyişir. Söz vermək bunu qoruya bilməz. Heç kim bir ağacdan bahar bitincə çiçəklərini qorumasını gözləyə bilməz. Çünki, çiçəklər meyvəyə çevrilir.

* Avtomobil mənim ən yaxın dostumdur. Mənim igamətgahım, ofisim, işimdir. Kimsə avtomobildə yanımda oturduqda, onu özümə yaxın bilirəm. Orada, üz-üzə deyil, yan-yana, mümkün olan ən rahat oturacaqdayıq. Bir-birimizə məcburən deyil, təkcə istədiyimiz zaman baxırıq. Ətrafa baxmaq heç vaxt kobudluq sayılmaz. Önümüzdə getdiyimiz yeri və ətrafı göstərən böyük bir ekran var və səssizlik ağır və ya çətin deyil. Heç kim heç kimi qarşılamaq və buna bənzər şeylər məcburiyyətində deyil. Etdiyi ən önəmli şey, sizi bir yerdən götürüb, başqa bir yerə aparmasıdır.

* Mənə görə kimlik, idarə etməkdir. Mənim İran pasportum var. Amma bir rejissor kimi bununla qane olmuram. Əgər kimlik və sərhədlər önəmli olsaydı, bu gün burda danışmazdıq.

* İşin neçə faizini estetik, neçə faizini konsept formalaşdırır, bunu dəqiq bilmirəm. Amma bir tənha ağac, bir neçə ağacdan, daha ağacdır. Uşağın atasından, ona meşəni göstərmək istəməsi hekayəsini yəqin ki bilirsiz… Atası onu meşəyə aparıb, ondan meşəni görüb, görmədiyini soruşar. Uşaq, “o qədər ağac var ki, meşəni görə bilmirəm” – deyər. Yan-yana bir neçə ağacınız olarsa, artıq ağacları görmək şansınız olmaz. O nöqtədə artıq başqa bir konseptə uyğun bir şey görmüş olacaqsız.

* Filmlərimin senariləri heç vaxt tam bitmiş olmur. Hər zaman filmin axışı və beynimdəki bir xarakterdən yola çıxıram və bu xarakteri beynimdəki doğruluğa oturdanadək heç bir qeyd aparmıram. Axtardığım xarakteri tapdıqda, onunla birlikdə zaman keçirib, onu tanımağa çalışıram. Onları canlandıranda isə, öz həyatımdan tanıdığım insanlardan yola çıxıram. Bu uzun bir müddətdir. Altı ay filan çəkə bilər. İşlədikcə, irəlilədikcə qeydlər aparıram, amma heç vaxt tam bitmiş diaqloqları qoltuğum altına alıb, setə getmirəm.

* Yaxşı kino inandırıcı olan, pis kino inandırıcı olmayan kinodur. Mən kinoda hər zaman həyatda görə bildiyimiz inandırıcı şeylərlə maraqlanmışam. İnandırıcılığın filmi 35mm-ə və ya rəqəmsal kameraya çəkməklə bir əlaqəsi yoxdur. Önəmli olan tamaşaçının gördüyü şeyə inanıb, inanmamasıdır.

* Əgər sadəcə görüntüyə fokuslansaz, kubun bir hissəsini görmüş olacaqsınız. Bəzən görüntülərimizi həddindən artıq qabardırıq, sanki dünyaya, “Yumun ağzınızı, fotoqrafiya önəmlidir!” – deyirik. Amma əgər sənə və mənə burada, danışan vəziyyətdə baxsan, ətrafımızdakı səsləri eşitmiş olacaqsan. Bu həqiqətin önəmli bir parçasıdır.

* Yəqin ki mən hekayə danışandan çox, yaxşı hekayə dinləyicisiyəm. İnsanların danışdığı hekayələri dinləməkdən böyük zövq alıram. Onları yadda saxlamağa çalışıram. Əslində bütün filmlərim, mənə danışılan hekayələrin böyük bir kolleksiyasıdır. İran məktəbində, dərs dediyim uşaqlara, filmi bu yolla öyrədirəm. Hər şeyi bir kənara qoyub, danışmaq istədikləri bir hekayə seçmələrini istəyirəm və mənim üçün filmdə ən vacib kriteriya – hekayənin necə nəql edilməsidir. Hekayəni birinci şəxsin dilindən danışa bilməkdən vacib bir şey yoxdur mənimçün.

* Mən, filmi qayçılandıqdan sonra bunun hekayəsini danışıb, günahsızı oynayan rejissorlardan deyiləm. Bu tərz film çəkənlərmi dövlətdir, yoxsa iqtidarmı? Bunlar danışılmalıdır. Dövlət əleyhinə film çəkirsiz, dövlət bunu qəbul edir. Bu vəziyyətdə onlarmı dövlət olur, yoxsa sizmi? Bunu bilmək lazımdır. Senzura belə olsa, insanlara çata bilmək üçün elə bir vasitə tapmalısız ki, filmləriniz qutularda qalmasın, tamaşaçı görsün.

* İran filmlərində qadın xarakterlər əsas iki kateqoriyada təqdim edilir: ana və fahişə olaraq. Mən bu iki kateqoriyanın heç birini qəbul etmək istəmirəm. Bunlar insan yoxsunları. Bir çox qərb filmlərində də bu mexanizm tətbiq edilir. Qadınlar kosmetik vasitə kimi filmlərin satışı üçün nəzərdə tutulur.

* Professional və ya həvəskar aktyorlarla işlədikdə, sizin onları deyil, onların sizi idarə etməsinə icazə versəz, əldə etdiyiniz nəticə daha effektiv olacaq.

* Uşaqlar çox güclü, azad xarakterlərdir. Bir anın içində Marlon Brandodan daha yaxşı aktyorluq ortaya qoya bilərlər.

* Kann Film Festivalı rəhbəri Gilles Jocob mənə, “Heç vaxt film çəkərkən, çox əyləndik demə” – deyərdi. “Tamaşaçı əyləndiyini deyil, əzab çəkdiyini, mübarizə apardığını eşitmək istəyir. Heç kim çəkilərkən, böyük zəhmət yerinə, əylənilmiş bir filmə bilet almaq istəməz”.

 

Tərcümə: Şahin Xəlil / Film Fiction 36