Andy Warhol: “Rəssam olmaq istəyənlərə məsləhətim – olmayın!”


Endi (Andy Warhol) yaradıcılığa yeni başlayanda onun işlərini anlayan yox idi. Şorba bankaları (“Campbell”) və sabun (“Brillo”) rəsmlərinə gülən, ələ salan da az deyildi. Bir müddət sonra isə, ələ salınan, gülünən rəsmlərin auksionda qiymətləri milyonlara çatdı. Endi Uorxol isə müasir rənkgarlığın ən görkəmli, məhşur simalarından biri oldu. Təməlini qoyduğu “pop art” cərayanı müasir sənətdə inqilaba çevrildi və superulduz mədəniyyətini tamamilə dəyişdi.

Özü müsahibə verməyə nifrət etsə də, “Interview” jurnalını təsis etmiş Endinin az da olsa, yaxşı müsahibələri var. Həmin müsahibələrindən seçmələri təqdim edirik.

Mənim fəlsəfəm budur ki, hər gün yeni bir gündür. Məni həyat və ya sənət maraqlandırmır; daha konkret desək, mən müharibə və bombalardan narahatam, amma adətən onlara çox da təsir edə bilmirik.

Ən çox Amerika kinosunu sevirəm. O, aydın və doğrudur. Əla səthə malikdir. Amerika kinosunun nə olduğunu bəyənirəm. Baxmayaraq ki, ümumiyyətlə, bir şey haqqında az şey deyir. Və buna görə də bu qədər gözəldir. İnanıram ki, bir şey nə qədər az deyilsə, bir o qədər mükəmməldir. Avropa filmlərində daha çox düşüncə qidası var.

Bir dəfə “Esquire” jurnalında məndən soruşdular ki, “siz kimin oynayacağını seçə bilsəydiniz, kimi seçərdiniz?”. Mən Edi Sedqvik (“Edie Sedgwick” – aktrisa, Uorxolun muzası) dedim. Çünki o, hər şeyi məndən yaxşı edir.

İşlə məşğul deyilik, əyləncə ilə məşğuluq. İşdən zövq alanda o, əyləncəyə çevrilir.

Rəssam olmaq istəyənlərə məsləhətim: olmayın. Fotoqrafiya, və ya televiziya ilə məşğul olmaq daha yaxşıdır, və ya buna bənzər bir şey. Sənət dünyası ölüb. Rəngsaz olmaq daha yaxşıdır. Evlərin rənglənməsi ilə daha çox pul qazana bilərsiniz. Saatda 10 dollar.

Jan-Lyuk Qodar dəhşətlidir. “Made in USA” filmi dəhşətdir! O, çox darıxdırıcıdır, Anna Karina isə çirkin görünür. Onda bəyəndiyim bircə şey var idi, məni çox maraqlandıran bir şey var idi: tez- tez film çəkir və eyni adamları yanında saxlayır ki, bu, əsl gündəlik olur. Bəlkə də onun filmlərini bəyənməyimin yeganə səbəbi budur. Amma “Made in USA” həqiqətən darıxdırıcı filmdir. “Alphaville” də dəhşətlidir. Amma “Kişi – Qadın”ı çox bəyəndim. Bəyənmək istəmədim, amma hər halda xoşuma gəldi. Belə çox yüngül – sadə filmdir.

Film çəkmək, “Campbell” şorbası qutularını imzalamaqdan daha asandır. Siz sadəcə kameranı yandırırsınız və bu qədərdir. Əgər siz kommersiya kinosuna gəlsəniz, bu, daha da asanlaşar, çünki başqaları sizin üçün hər şeyi edir. Ciddi deyirəm. Kinooperator adətən filmi çəkir.

Kino yeni romandır. İndi heç kim oxumayacaq. Film çəkmək daha asandır. Norman Mailer (yazıçı, dramaturq, ssenarist) və Susan Sontag (yazıçı, dramaturq, ssenarist) kimi insanların indi də film çəkməsi çox gözəldir. İndi gənc kollec uşaqları daha heç nə oxuya bilməzlər. Onlar filmə baxa və ya film çəkə bilərlər.

Süjetlər heç nə demək deyil. Məsələn, iki nəfərin söhbətindən bəhs edən bir filmə baxsanız, onu təkrar-təkrar izləyə və darıxmaya bilərsiniz. Amma süjeti olan filmə ikinci dəfə baxmaq olmaz, çünki onun sonunun necə olacağını artıq bilirsən.

Hər kəs yaxşı film çəkə bilər. Amma şüurlu şəkildə pis film çəkməyə çalışırsansa, bu, yaxşı pis film çəkmək kimi bir şeydir.

Həyat çox ağrılıdır. Daha mexaniki ola bilsək, daha az ağrı hiss edərdik. İşimizi səmərəli və sevinclə yerinə yetirmək üçün proqramlaşdırıla bilsək, yaxşı olardı.

İnsanlar yalnız onları görə bilmədikdə cazibədar olurlar. Uzun illər əvvəl kino insanları cazibədar edirdi. Ekrandakı insanlar haqqında onları çox xüsusi edən bir şey var; və öz gözlərinizlə gördükdə, onlar tamamilə fərqlidirlər – və bütün illüziya yox olur. Mən Qreta Qarbonu şəxsən tanımıram, amma onunla bir neçə dəfə küçədə rastlaşdım. Mən sadəcə onu yağışda izlədim. Bu daha çox maraqlı və həyəcanlı idi.

Seks çox ağır işdir. Ən azından mənim üçün. Yəqin ki, seks sənayesi ilə məşğul olanlar seksi sevirlər. Onlar bunu məharətlə edirlər.

Mən sevgiyə inanmıram, bir növ simpatiyaya inanıram. Simpatiya sadəcə bir şey haqqında düşünməkdir.

Vudi Allen qəti ən seksual kişi deyil, lakin bəziləri hələ də onun fotosuna masturbasiya edir.

Nyu York dünyanın ən yaxşı yeridir. Mən dünyanı çox gəzirəm, amma hər dəfə Nyu Yorka qayıtmağı səbirsizliklə gözləyirəm. O, heç bir yerə bənzəmir. Bura Avropanın müxtəlif ölkələrindən çoxlu gənclər gəlir. Hamısı yaradıcı, ağıllı və zəngin insanlardır. Onlar çox istedadlıdırlar və onların sayı çoxdur. Nyu York ayrı bir ölkə kimidir.

 

Tərcümə: Şahin Xəlil / Film Fiction 41