Cinema Paradiso ilə Keçmişə Nəzər


Giuseppe Tornatore-nin “Cinema Paradiso” filmi əvvəlki il bütün dünya üzrə kassa gəlir rekordu qırdıqdan sonra, 1990-cı ilin ən yaxşı xarici filmi olaraq Oskar mükafatını qazandı. Cinema Paradiso şöhrət uğrunda çətin yoldan keçməli oldu, belə ki, o zaman 32 yaşlı yazıçı-rejissor orijinal işinin müddətindən təxminən 30 dəqiqə kəsmək məcburiyyətində qalmış və üstəlik İtaliyada orijinal çıxışı ilə kəskin tənqid və kassa laqeydliyi ilə üzləşmişdi. Əslində isə bu, inad, əzmkarlıq və tale haqqında klassik nağıl halına gəlmiş bir film üçün ən uyğun bir məcaz idi.

Film Siciliyada, II Dünya Müharibəsindən sonrakı illərdən 1950-ci illərin sonlarına qədərki dövrlər arasında, tanınmış bir film rejissorunun (fransız aktyor-rejissor Jacques Perrin) 30 ildən sonra ilk dəfə Sicilya şəhərinə qayıdışından və müasir dövr fləşbəklərindən hazırlanmışdır. Tərs, ama bir o qədər də mərhəmətli olan film proyeksionisti Alfredo (Philippe Noiret) Tornatore-nin qəhrəmanı, filmlərə həddən çox bağlı olan (və eyni zamanda öz alter-eqosu olan) düyməcik Totonu qanadları altına alaraq, ona filmlərin necə göstərildiklərini öyrədir.
Tarixdə çox az sayda film, məhz filmlərlə eşq bağlarının qurulmasının bu qədər sadə və bu qədər poetik ifadəsinə nail ola bilmişdir.

Giuseppe Tornatore öz klassik filminə və onun bu günə qədərki təsirinə nəzər salmaq üçün Alex Simonla Beverly Hillsdə bir araya gəldi:

AS (Alex Simon) – Mən sizə bu film üçün təşəkkür borcluyam. Bu, mənim hər zaman sevərək izlədiyim filmlərdəndir. Uşaqlıqda mən özümü Toto kimi görürdüm. Nə zaman Ennio Morriconenin bəstələdiyi film musiqisini eşitsəm, ağlamağa başlayardım, özü də heç ağlağan uşaq deyildim.

GT (Giuseppe Tornatore) – (gülür) Minnətdaram. Belə sözləri eşitmək çox xoşdur.

AS – Gəlin əvvəldən başlayaq. Necə oldu ki, sizdə Cinema Paradiso üçün ideya yarandı?

GT – Bu, bir müsahibədə danışmaq üçün çox uzun hekayədir, ancaq çalışacam ki, onu qısaldım. İlk dəfə belə bir ideya 1977-ci ilin payızında ağlıma gəlmişdi. Öz kəndimizdəki kinoteatrlarda film proyeksionisti kimi işləyirdim.
Həmin payız 1930-cu illərin əvvəllərinə aid ən köhnə teatrlardan birini bağladılar. Sahibi binanı satmaq qərarına gəldi və bütün mebelləri yığışdırmalı və əsasən də binanı təmizləməli idilər. Kinoteatrın sahibi mənə istədiyim hər şeyi götürə biləcəyimi dedi. Beləliklə, orada üç-dörd gün keçirdim, ətrafı təmizləməyə kömək etdim … O qədər çirkli, küflü, qoxulu və bütün atmosfer o qədər kədərli idi ki… Anidən mənə bu atmosferi almaq və bir hekayə halına gətirmək hissi gəldi. Növbəti on il ərzində ağlıma fikirlər, ideyalar gəldikcə qeydlər apardım. Şəhərdəki köhnə proyeksionistlərdən bir çoxunun hekayələri üçün müsahibələr aldım, sonra da ssenarini yazdım. Mən bunu (Cinema Paradiso) özümə ad yaradandan sonra özümün bəlkə də beşinci, və ya altıncı filmim kimi düşünürdüm. Sonra ilk filmimi bitirdikdən sonra prodüserim mənə “Ehtiras oyandıracaq bir layihən yoxdur? Etməkdən ötrü yanıb-tutuşduğun bir şey?” dedi. Beləcə, mən ona Cinema Paradiso hekayəsini elə ordaca danışdım. Hekayə ona o qədər toxundu ki, mən onu ikinci filmim etmək qərarına gəldim.

AS – İlk dəfə 1989-cu ildə filmi gördükdən sonra bunun sənin cəmi ikinci işin olduğu haqqında oxuduğumu xatırlayıram. O zaman sən hələ 30 yaşında idin, ancaq film sanki bir uşaq yox, veteran tərəfindən çəkilmiş təsiri bağışlayır.

GT – Bəli, filmi 1988-ci ilin əvvəlində çəkmişdim. O vaxt 31 yaşım var idi. Oskar mükafatını alanda isə 32 yaşım var idi (gülür).

AS – Özünün filmlərə aşiq olmağın necə bəs? Bu, xüsusi bir film sayəsində olmuşdu, yoxsa bir neçə filmin təsiri var?

GT – Düşünürəm ki, bu suala heç vaxt tam yaxşı cavab verə bilməyəcəm, çünki əminəm ki, hər zaman unutduğum bir detal olacaq. Özümü çox şanslı hiss edirəm ki, mən 60-70-ci illərin İtaliyasında böyümüşəm və o dövr üçün çox film çeşidləri var idi: möhtəşəm sənət əsərləri, yaxşı filmlər, bərbad filmlər, lakin bunların hamısı mənə bir məktəb oldu. Təxminən 7 yaşımdan 26 yaşadək mən hər gün kinoteartda bir filmə baxardım. Bu, o zamanlar idi ki, sən Fellini kimi usta rejissorun ən yeni işini görə bilər, Dario Argentonun yeni qətl-trillerini, ya da hansısa aşağı-büdcəli yeni bir filmi izləyə bilərdin, lakin mən bunların hamısından bir şey öyrəndim. Elə mənə film çəkmək istədiyini deyən cavanlara hər zaman bunu deyirəm: “Hər filmə baxın. Əgər yalnızca bəyəndiyiniz filmlərə baxsanız, onda sizin hissiyatınız zəifləyəcək”.

AS – Gördüyüm qədəri ilə sən film dünyasındakı hər filmə hörmət bəsləyirsən.

GT – Bəli. Bu mənim proyeksionist olaraq öyrəndiyim bir şey idi: Fərq etmir ki, sənin nümayiş etdirdiyin film bir şahəsərdir, yoxsa dəyərsiz bir zibil parçası. Sən nümayiş etdirdiyin filmə böyük bir hörmətlə yanaşmalısan və əmin olmalısan ki, sən ən yaxşı şəkildə, ən aydın və keyfiyyətli səs və görüntü ilə bunu tamaşaçılara göstərirsən. Rejissorun işini bəyəndin, ya yox, onun işinə hörmət etmək lazımdır.

AS – Gəlin filmin iki fərqli versiyası haqqında danışaq, hansı ki bir-birlərindən tamamilə fərqlidirlər.

GT – Bu, hər zaman aktual bir şeydir, ancaq bunun səbəbini heç başa düşmürəm. Əksər filmlərin çoxsaylı versiyalarının olması normaldır. Məsələn, bir rejissor filminin premyerasını bir versiyada Cannes film festivalında nümayiş etdirə, sonra filmin izləyicilər tərəfindən necə qarşılandığına əsasən ümumi yayımdan əvvəl bəzi səhnələri kəsə, dəyişə bilər. Film İtaliyada çıxanda yaxşı vaxtlar deyildi, elə kassada da, tənqidçilərlə də “partlayış” elədi. Filminiz uğurlu deyilsə, heç kim sizin nə dediyinizlə maraqlanmır. Prodüserlər “Bəlkə çox uzundur, bir az kəsəsən, iki saata yuvarlaqlaşdırsan daha yaxşı olar” deyirdi. Beləcə, filmi iki saat dörd dəqiqəyə gətirmək üçün 26 dəqiqəni kəsməyə qərar verdim. Sonda da: “İndi iki saat oldu, mənə o böyük uğuru göstərin” dedim. Sizcə bunda nə oldu? Tam olaraq eyni şey. Dəhşətli rəylər. Sıfır kassa. 100.000 dollardan daha az qazandı. Yəni ki, bu mənim üçün dəhşətli bir təcrübə oldu. Sonra filmim 1989-cu ildə Cannes-da Jüri Qran Prisi mükafatını qazandı və hər şey dəyişdi. Bu uğurdan sonra filmi pisləyən mətbuat alternativ hekayə ilə uzun versiyanın dəhşətli olduğunu və filmi xilas edən şeyin mənim onu iki saata qısaltmağım olduğunu dedilər. Bu, doğru deyil. Bu, “The Man Who Shot Liberty Valance” filmindən bir cümləyə bənzəyir: “Əfsanə həqiqəti əvəz etdikdə, əfsanəni dərc edin (gülür).

AS – Bəs sən özün bu iki versiyanı iki fərqli film kimi, yoxsa bir film kimi görürsən?

GT – Bu, cavablanması çətin bir sualdır. Aydındır ki, mən hər ikisini sevirəm, lakin mən süjet xəttinin uzun versiyadakı inkişafını daha çox bəyənirəm. Uzun versiyada ən sevdiyim hissə Alfredo obrazının hekayənin sonlarına doğru qaranlıq tərəfini üzə vurmasıdır, hansı ki əslində o qısa versiyadakı qədər ağıllı və parlaq deyil. Həmçinin, mən Salvatorun iş həyatında böyük bir uğura sahib olsa da, şəxsi həyatda heç bir uğur qazanmamış olması dixotomiyasını da sevirəm.

AS – Uzun versiyadakı Alfredo obrazını şərh etsəm, mənə görə o, Toto/Salvatore qədər sənətkar idi və elə onun yaradıcılığının məhsulu indiki yetkin Salvatordur. Alfredonun bələdçiliyi olmadan o, heç vaxt bu qədər uğurlu rejissor ola bilməzdi.

GS – Bəli və təkcə bu deyil. Uzun versiyada Alfredo Yunan faciələrindəki böyük bir obraza bənzəyir: bir faninin taleyini təyin edə bilən bir digər fani. Beləliklə, mən filmin o hissəsini, eləcə də Salvatore ilə Elena arasındakı gözəl və faciəli sevgi hekayəsini kəsməli olduğum zaman biz itirdik. Filmi kəsəndə özümü ayağı tələyə düşmüş bir heyvan kimi hiss edirdim. Əsir olmaq əvəzinə ayağımı parçalayıb ayırdım və yaşamağı seçdim.

AS – İndi isə sən məndə “A Pure Formality” (Saf Rəsmiyyət) filmindəki o səhnəni xatırladırsan. O səhnə həqiqətən Cinema Paradiso ilə yaşadıqlarınıza dair gizli bir istinad idi?

GT – (gülür) Ola bilər.

AS – Bizə bir az görkəmli Ennio Morricone ilə işləməkdən danış.

GT – Bu, iş həyatımın ən böyük möcüzələrindən biri idi. Ennio təkcə böyük bir musiqiçi deyil, həm də ən yolagedən, sadə insanlardan biri idi. O, sizinlə temperamentli bir sənətkar kimi deyil, bir dülgər kimi işləyirdi. Ona “Ennio, altı ayaqlı bir masaya ehtiyacım var” desəm, “əlbəttə” deyərdi və mən yer üzündəki ən gözəl, mükəmməl altı ayaqlı masaya sahib olardım. Ona böyük bir hörmətim var, bu ayrı, ancaq desəydim “Ennio, yazdığın bu parçaları sevmədim, düzdür bilirəm, bunların üzərində uzun zamandır çox çalışırsan”, onları kənara atıb “Yaxşı. Gəl, yenidən başlayaq” deyərdi. Ennio ilə işləyəndə ona tamamilə etibar edə biləcəyini bilirdin və o, qarşılığında özünü və istedadını tamamilə sənə verirdi. Tamamilə əlçatan, həqiqi bir işbirliyi adamı idi.

AS – Və onun qələmi filmin silinməz bir hissəsidir.

GT – Tamamilə doğrudur. Ennionun musiqisi olmadan bu film indiki film olmazdı.

AS – Əfsanəvi Fransız aktyoru Philippe Noiretin Alfredo roluna seçilməsindən danış.

GT – Əsas rollarda üç möhtəşəm Fransız aktyoru vardı: Philippe, Jacques Perrin və Brigitte Fossey (bayxmayaraq ki, Brigitte qısa versiyada kəsilmişdi). İstədiyimiz İtalyan aktyorların heç biri o zaman üçün boş deyildi, və ya ssenarini bəyənməyib imtina edirdilər. Prodüserim bir gün məndən “əgər rol üçün xarici aktyor seçməyə məcbur olsaydın, kim olardı?” soruşdu. Mən “Filipp Noiret kimi biri” dedim, çünki Alfredo və Totonun ayı və balaca siçana bənzədirdim. Filipp Noiret əvvəlcə razılaşdırılan dörd başqa filmi olduğu üçün imtina etdi. Biz ondan sadəcə və sadəcə ssenarini oxumağını istədik. İki gün sonra bizə ondan zəng gəldi, aşiq olduğunu və onu bu dörd müqavilədən birindən azad edə bildiyimiz halda, filmdə çəkilə biləcəyini dedi. Zəngdə “Filmdə istədiyiniz hər hansı bir obrazı, hətta uşağı da oynaya bilərəm“ dedi. (gülür) Beləcə biz Philippe-i qazandıq və bu, çox böyük bir sevinc idi.

AS – IMDb-də rejissoru kimi tanındığın 22 filmin var, bunlardan bir çoxu, başda Cinema Paradiso olmaqla şah əsərlər kimi qəbul edilir. Bir neçə il əvvəl Francis Coppola ilə müsahibə aparanda ondan “Xaç atası” haqqında həm onun qurtuluşu, həm də elə daşıyacağı xaç olduğunu hiss edib-etmədiyini soruşmuşdum. Bəli, dedi. Sadəcə fəxr etdiyi bir çox başqa filmlər çəksə də, ən sonda məzar daşına yazılan cümlə “”Xaç atası”nın rejissoru Francis Ford Coppola” olacağını demişdi. Sizin də Cinema Paradiso-ya münasibətiniz belədirmi?

GT – Bəli, bununla birlikdə xatırlandığımı bilmək məni çox xoşbəxt edir. Digər filmlərimin bəzilərinin kölgədə qaldığını başa düşürəm, amma insanların bu filmi xatırlamalarını və məni bunun üçün, film üçün xüsusi xatırlamaqlarını sevirəm. Yeni filmimin nümayişi üçün dünyanın istənilən ölkəsinə gedə bilərəm və məndən həmişə yenə də Cinema Paradiso haqqında soruşurlar, çünki o, hər zaman böyük sevgi və məhəbbətlə xatırlanır. Mən hekayəni yazanda, filmi çəkəndə şöhrət və zənginlik haqqında düşünmürdüm. Film hansısa riyazi hesablamaların məhsulu deyil. Bu hislərin nəticəsidir və o qədər uzun illərdən sonra kəşf edəndə ki, nə qədər insana bu film toxunub, nə qədər insan mənə onların da Toto olduqlarını deyiblər, mən çox sevinirəm. Mən demək istəyirəm ki, dünya kiçik Totolardan ibarət böyük bir izdihamdır və bu, çox möhtəşəmdir. Bunu sevirəm.

 

 

Tərcümə: Zümrüd Quluzadə / Film Fiction 40