Heath Ledger: Evə dönüş


Nömrəyə daxil olan kimi dəhlizdəcə yaş gödəkçəsini yerə tullayıb, yataq otağına keçərək üzüqoylu çarpayıya yıxıldı. On iki saatlıq fasiləsiz çəkilişdən sonra, demək olar, tükənmişdi. Döşəkağıdan yuyucu tozun xoş ətri duyulurdu. Ətir zəif olsa da, zəhlətökən idi və o, xəstə ciyərlərə daxil olaraq öskürək gətirdi. Hit (Heath Ledger) yatağın kənarına oturub sakitləşməyə çalışdı. Niyə hər bahalı döşəkağı eyni zibil iyi verir? Bu iy əməlli-başlı yatmağa mane olur.

Uşaqlığı yadına düşdü. Gecələr süd içib rahat-rahat yatdığı illəri. Onun evi… Yox, o, bu şeyləri unutmalıdır. Onun heç bir evi yoxdur. Uşaq ikən var idi. O da valideynlərinin boşanmasına qədər. Yaxın üç ilə qədər də evi var idi. Bruklində digər evlərə bənzəyən, hər cür bahalı texniki avadanlıqla dolu bir ev. Öskürək isə öz işindədir. Hit yataq otağından çıxıb, özünü qonaq otağına çatdıraraq kresloya yıxılır. Əlləri ilə dərman şüşələrini axtarır. Bir neçə rəngli ağrıkəsici atır və yerini rahatlayır. Həmin tanış ağırlıq bir neçə saniyə sonra bütün bədəninə hakim olacaq. Necə də bezdiricidir… Nyu-Yorka gedən kimi mütləq müalicə olunacaq. Gələn cümə günü Kanadada çəkilişlər başlayır. Hit isə Terriyə söz verib ki, Vankuverə gümrah və sağlam gələcək. Yəqin ki, Terri (Terry Gilliam) öz birinci həyatında ya sehrbaz olub, ya da şaman. İndi isə rejissor kimi möcüzələr yaradır. Məhz belə bir rejissorun çəkdiyi filmlərdə insan hər şeyi unuda bilər. Məsələn, Bruklindəki evini düşünməmək… Orada qış daha gözəl keçir. Burada – Londondakı kimi zəhlətökən küləkli deyil. Yəqin ki, orada yenə qar yağır. Gecələr işıqforun altında asta-asta yağan qar dənəciklərinə heyranlıqla baxmaq varkən, indi anlayırsan ki, bir daha o şeylər baş verməyəcək. O ev artıq sənin deyil. Orada hansısa xoşbəxt ailə yaşayır.

 

İki il öncə də qar yağırdı. Üçaylıq qızı Matildaya baş çəkməyə gələn tibb bacısı xəbərdarlıq etmişdi ki, hazırlaşsınlar, gecə uzun olacaq; uşaqlar qar yağanda pis yatırlar. ABŞ-ın digər ucunda isə Oskar laureatlarını açıqlayacaqdılar. Hit və Mişel (Michelle Williams) səhəri ya ulduz kimi açacaqdılar, ya da hər zaman olduğu kimi. Amma indi valideyn məsuliyyəti hər şeyi ikinci plana keçirmişdi. Mişelin gözündən yuxu axırdı, yorğunluq onu haldan salmışdı. Matilda isə heç cürə yuxuya getmək istəmirdi. Hit uşağı geyindirdi, Mişelin boynundan öpüb, onu inandırdı ki, gedib rahat yatsın, uşaqla özü məşğul olacaq. Gecə saatları… Küçədə Hit Lecer və yavaş-yavaş sürdüyü uşaq arabasında yeni doğulmuş körpəsindən başqa heç kəs yoxdur. Nağıllardakı kimi qar yağır. Lecer tez-tez telefonunu yoxlayır. Enq (Ang Lee) söz verib ki, mərasimdə (“Oskar”) nəsə olsa, ona bildirəcək. Çox güman ki, Hollivudun sevimli rejissoru laureatları jurnalistlərdən daha əvvəl biləcək. Təmiz havada gəzinti Matildanı mürgülədir. Onun bapbalaca burnu qızarıb. Hit fərəhlə qızına tamaşa edir. O, dünyaya gəlməzdən öncə necə tənha olduğunu düşünür. Matilda onu bu tənhalıqdan xilas edə bilmişdi. O böyüyəcək, dostları, sevdiyi insanlar, öz həyatı olacaq. Amma onun üçün əvəzolunmaz insanların başında Hit gələcək. Çünki bir qız üçün atası həmişə hər kəsdən öndə gəlir. Qoy bir az da böyüsün. Onlar birgə Avstraliyaya gedəcəklər. Daha səkkiz il sonra isə onu öz oxuduğu məktəbə aparacaq. Düzdür, “Guilford Grammar” oğlanlar məktəbidir və orda Matildanı maraqlandıracaq elə bir şeylər yoxdur, amma o, mütləq ferma, məktəb həyəti və atların saxlandığı yerləri görməlidir. Bunlar onun atasının ən əziz xatirələrindəndir. Hit on il əvvəl bu lənətə gəlmiş məktəbdən qaçmışdı. Amma məktəb ona çox şey öyrətmişdi. Məsələn, rəqs etməyi. Hətta elə gözəl rəqs edirdi ki, məktəbin rəqs qrupunun kapitanı idi və bu qrup beynəlxalq turnirdə məktəbə birincilik qazandırmışdı. Üç il sonra isə bu yeniyetmə gənci Hollivud prodüserləri kəşf etmişdilər. Məktəbdə həmçinin yaxşı at sürməyi öyrənmişdi. Sonralar, demək olar, at sürdüyü bütün filmlərdə dublyorsuz çəkiləcəkdi. Hər gün hokkey oynaması isə onu fiziki gücləndirmişdi. Digər aktyorlardan fərqli olaraq, uzun çəkilişlər zamanı tez yorulmazdı. Məktəb vaxtı kiçik auditoriya önündə rəqs edərkən, tamaşalarda çıxış edərkən hiss edirdi ki, özündə gizlənən hansısa böyük sirri çözməyə doğru addımlayır. Sözsüz ki, o vaxtlar ağlına gəlməzdi ki, bir neçə il sonra böyük aktyorlardan birinə çevriləcək. Ümumiyyətlə, kino aləmində olmağı təsəvvür belə edə bilməzdi. Liderlik keyfiyyətlərinə görə, ətrafında həmişə insanlar olardı, hər kəs ona yaxın olmaq, dost olmaq istəyirdi. Onda yuxusuz gecələr və tənhalıq hissi hələ ona tanış deyildi. Sonradan bunlardan möhkəm əziyyət çəkəcəkdi. Amma çox az adam onun bu əzablarından xəbərdar olacaqdı.

Hər şey valideynlərinin boşanmasından sonra başlamışdı. Boşanma isə ilk baxışdan xoşbəxt görünən ailələrdə olduğu kimi qəfil və çox sakit şəkildə baş vermişdi. Buna qədər isə hər şey əla idi. Gözəl evdə yaşayırdılar, şəhər kənarında pikniklər, həyətdə bayramlar, doğum günləri qeyd edərdilər. Bir gözəl gün isə məlum oldu ki, xəyalpərəst fransız dili müəlliməsi və brutal mühəndis tamam fərqli insanlardır və onlar üçün ən doğrusu ayrılıqdır. Boşanma şərtlərindən biri olaraq, Hit bərabərhüquqlu valideyn himayəsinə verildi. Başqa sözlə desək, onun artıq bir deyil, iki evi olacaqdı. Hər iki evdə sevilirdi. Məhz həmin ərəfələrdə Hitdə əsəbilik yarandı; nəsə danışarkən əllərini sürətli şəkildə oynadırdı. Nə qədər içində çəksə də, heç vaxt valideynlərindən barışmaqlarını istəmədi. Əvəzində isə atasının yanında olanda yeni bir əyləncə yaratmışdı. Uğuru hesab etdiyi şeyləri vərəqə yazar, sonra atasına oxuyardı. Atasına isə oğlunun bu özündənrazılığı xoş gəlmədiyindən, onu sərt şəkildə tənqid etməkdən belə çəkinməzdi. Bu, belə bir sətiraltı mənada ata və oğulun dueli idi. Hər ikisi fikrində başqa şeyi tutub, dildə ayrı şeyin mübahisəsini edirdilər. Hit demək istəyirdi ki, “Ata, bax, mən sənə oxşamıram. Mən yaxşı insanam. Sənin kimi oğlunu atmış pis insan olmayacağam”. Atası isə cavab verirdi: “Mənə ağıl öyrətmə! Səni atmamışam. Atsaydım, gələcəyin üçün çalışmazdım”. Belə “duel”lərdən biri məktəbi bitirən günün səhəri baş verdi. Hit teatrda yaratdığı obrazından danışıb, özünü tərifləyirdi. Bibisi qızları ağızlarını açıb, heyranlıqla onu dinləyirdilər. Hit isə bu pərəstişdən məmnun halda davam edirdi. Hə, hansısa rejissor onu bəyənib. Onun serialda çəkilmək şansı var. Atası onun sözünü kəsdi. Dedi ki, aktyorluq kişi sənəti deyil. Əgər Hitə biznes sahəsi maraqlı deyilsə, o zaman heç olmasa özünü idmanda sınasın. Ondan yaxşı hokkeyçi olar. Amma deyəsən, o, avara olmaq istəyir! Atası icazə verməyəcək ki oğlu üzü ilə alver etsin. Dilənçi pulu ilə aktyorluq etsin. Bu dəfə isə atasının sözü yarımçıq qaldı… Hit əsəbi halda otaqdan qaçdı. Evin qapısını çırpıb çıxmazdan əvvəl dedi: “Mənə heç kimin icazəsi lazım deyil. Həyatım öz əlimdədir”. Həmin gün daha bir hadisə məşqçisi ilə yaşandı. O da eynən atasının dediklərini dedi. Hit yaxşı hokkeyçi olar, aktyorluq sənət deyil, belə həyat yaxşı heç nə vəd etmir və s. O, atasından fərqli olaraq, məşqçisinin sözünü sona qədər dinlədi və heç bir şey demədən, sadəcə arxasınca qapını çırparaq cavabını vermiş oldu. Gecə isə dostu Trevor Di Karlo ilə görüşdü. Söhbət uzun çəkdi. Hit, Trevora inandırmağa çalışırdı ki, onlar birgə Sidneyə qədər gedə bilərlər. Orada isə mütləq kastinqlərin birindən keçə, hansısa seriala düşə bilərlər. Bir həftəlik pul da var. Trevor isə dostuna başa salmağa çalışırdı ki, ona burada da yaxşıdır, aktyorluq potensialı isə Hit qədər deyil. Yaxşısı budur, o, tək getsin. Hit dostunun gözlərinin içinə baxaraq dedi: “Yaxşı bilirsən axı, mən tək bacarmaram”. Səhəri günü onlar Sidneyə yola düşdülər.

 

Saata baxdı. Bir saat keçib. Matilda bu qədər soyuqda qalmamalıdır. Uşaq arabasını döndərəndə oyuncaq səs saldı. Hit cəld oyuncağı cibində gizlətdi. Bunu Matildaya xaç atası Ceyk (Jake Gyllenhaal) hədiyyə etmişdi. Ceyk, Hitin ilk aktyor dostu olmuşdu Amerikada. Təkcə Ceyk onun Avstraliya xatirələrini dinləməyi sevirdi. Digər aktyor, aktrisalar isə Hitin Avstraliyadan olduğunu eşidən kimi kenquru mövzusunda zarafatlara başlayardılar. Hit isə onları əmin edərdi ki, Avstraliyanın şəhərlərində kenquru olmur. Yaxşı ki, “Brokeback mountain” (“Qozbel dağ”) filmində də onun tərəf müqabili elə Ceyk olmuşdu, yoxsa başqası ilə bacarmazdı. Film ekranlara çıxandan elə gün olmurdu ki, Hitə hansısa sərxoş zəng edib, Ceyklə aralarında həqiqətən nəsə olub-olmaması ilə maraqlanmasın. Aktyor onları ənənəvi oriyentasiyada olduğuna inandırmaqdan yorulmuşdu. Filmin çəkilişləri zamanı səhnələrin birində Hitdə heç cür alınmırdı. Ceyk isə gülərək ona demişdi: “Mənə bax və düşün ki, mən sənin ilk sevgilinəm”. Hit onda ürəkdən gülmüşdü. Çünki Ceyk onun ilk sevgilisi Lizaya heç bənzəmirdi. Lizanı Sidneydə birlikdə çəkildikləri serialdan tanımışdı. Bir neçə xırda roldan sonra isə birbaşa filmin qəhrəmanı şahzadə obrazını canlandıran Hit yavaş-yavaş tanınırdı. Lizanın 34, Hitin 17 yaşı var idi. Qıza birbaşa efirdə ürəyini açdı: “Qoy bütün Avstraliya bilsin ki, mən Lizanı sevirəm”. Cavab da özünü çox gözlətmədi. Bu dəfə Liza birbaşa kameralara: “Əgər uşaq istəsəm, doğa bilərəm. Başqasının uşağını qaşıqla yedirtmək, altını təmizləmək istəyim yoxdur”. Hit buna cavab olaraq həmin gecə aktrisanın evinə getdi. Və onlar Liza ilə sevgili oldular. Bir neçə ay sonra isə bu nağıl başa çatdı. Liza sonrakı müsahibələrində etiraf edirdi ki, Hiti ilk dəfə görər-görməz ona aşiq olmuşdu. Xüsusilə də səsinə. “Patriot” (“Vətənpərvər”) və “A Knight’s tale” (“Cəngavərin hekayəsi”) filmlərindən sonra Hit artıq dünyada tanınırdı. Lizadan sonrakı sevgilisi Hiter Qraham (Heather Graham) ilə münasibətlərini gizlətmirdi. Başgicəlləndirən pullar, uğur fonunda Hit xoşbəxt görünmürdü. Gözlərindəki yorğunluğu ancaq gözəl təbəssümü gizlədirdi. Verdiyi müsahibələrdə isə özünü vecsiz kimi göstərirdi. İlk baxışdan elə hiss yaranırdı ki, belə həyat Hitin ürəyincədir. Amma ürəyində hər kəsdən gizli saxladığı qorxular ona əzab verirdi. Hər yeni filmlə, hər yeni uğurla bu qorxu bir az daha böyüyürdü. Düşünürdü ki, indi o məşhurdur. Hər şeyi var. Sevilən aktyordur. Bəs sonra? Bir gün bütün bunlar sona çatacaq və o, çox qorxduğu tənhalığa qayıdacaq. Hə, elə bu cür olacaq. Digər aktyorlarda da belə olub. Bundan qaçmaq mümkünsüzdür. Qorxuları haqqında Mel Gibsona danışmışdı. Mel onun üçün ata qədər əziz biri idi. Hitin danışdıqlarını Mel diqqətlə dinlədi və sonda dedi: “Oğlum, mənim də belə qorxularım var idi. Amma bilirsən, onları necə yox etdim? Ailəm vasitəsi ilə. Uşaqların, sevdiyin həyat yoldaşın olandan sonra heç bir qorxun qalmayacaq”. Hit ilk dəfə o gün ailə haqqında düşündü… Ailə və uşaqlar. Qəribədir, nə vaxtsa onun da ailəsi, uşaqları olacaq. Hələlik isə bu çox uzaq görünür.

 

Arabanı qapıya sürüb, ehtiyatla Matildanı qucağına aldı. Qızcığaz gözlərini açıb, atasının gözlərini görüb gülümsədi. Mel Gibson haqlı idi. Bu təbəssüm bütün qorxuları yox etməyə qadirdir. Onun sözləri ilə Hit hələ bir il öncə razılaşmışdı. Mişellə birgə metroya düşüb, Bruklindən Manhettenə gedərkən. Əvvəlcə zarafatlaşıb, deyib-gülürdülər, birdən Mişel ciddiləşib dedi ki, Hitdən hamilədir. O, bu xəbəri eşidən kimi ayağa qalxıb, əllərini yelləyərək vaqonun bir başından o biri başına qaçıb qayıtdı. Mişelin yanında oturaraq, əllərini bir-birinə keçirib gözlərini yerə zillədi. Relslərin səsinə qulaq asıb, bir müddət sükutu pozmadı. Qadın əyilib onun üzünə baxaraq soruşdu: “Niyə susursan? Sevinmədin?” Hit Mişeli qucaqlayıb, metrodakı digər sərnişinlərə fikir vermədən onu öpməyə başladı. Bütün vaqon bu xoşbəxtliyi alqışlayırdı…

 

Evin istisi Matildanı elə atasının qucağındaca yuxuya apardı. Hit onu yerinə qoyub otağa qayıtdı. Mişel divanda yatmışdı. Hit onun qaşqabaqlı siması və uşaq dodaqlarına baxırdı. İlk dəfə tanış olduqları gündəki kimi görünürdü. Pilləkənləri qalxarkən rejissor Enq Li soruşmuşdu: “Mişel, sən uşaqlıqda kim olmaq istəyirdin?”. Qız cavab vermişdi: “Ağır çəkili döyüşçü. Mayk Taysona qalib gəlmək istəyirdim”. Öndə gedən Hit maraqla çevrilib baxanda qarşısındakı bəstəboy, gözəl bədən quruluşlu və iri, boz gözləri olan qız ona baxırdı. Bu görüşdən əvvəl Hit birgə yaşadığı Naomi (Naomi Watts) ilə mübahisə etmişdi. Mübahisələri çox olurdu. Bu mübahisələr qab-qacaq sındırmağa qədər uzanar, ehtiraslı sevişmədən sonrakı barışıqla bitərdi. Naomi çılğın təbiətli biri idi. Onu dayandırmaq mümkünsüz idi. Rəfiqələrinə Hit Lecerin bəyəndiyi qadın tərifini də vermişdi. Həmin qadın sarışın, ondan azı on yaş böyük və hər cür intellektual maraqlardan uzaq biri olmalıdır. Hit bu tərifdən məmnun qalıb gülümsəmişdi: “Əzizim, sən öz portretini çəkdin. Bəlkə səndə dayanım?”. Uots isə cavabında: “Mən sənin arvadınam. Biz isə bəyəndiyin qadınlardan danışırıq,” – demişdi. Mişel, Naominin çəkdiyi portretdən çox uzaq biri idi. Təkcə sarışın olması xaric. Hitdən bir yaş kiçik, Vonnequt və Dostoyevski heyranı. O, Hitin əvvəlki sevgililəri kimi çəkici gözəlliyə malik qadın deyildi. Əksinə onu heç gözəl də adlandırmaq olmazdı. Nömrəsində ilk dəfə gecələyən Mişeli səhər qapıdan yola salarkən Ceyk onları görmüşdü. Gülümsəyib: – “Həsəd aparıram,” – demişdi. Onlar fərqli insanlar idilər. Hit daha çılğın və emosional, Mişel isə sakit və anlayışlı. Hit istənilən rolun öhdəsindən gəlməyi qarşısına məqsəd qoyaraq bacaran, Mişel isə ölçüb-biçən. Amma Mişelin əsas üstünlüyünü Hit bir il sonra Bruklində birgə yaşayandan sonra anladı. Başa düşdü ki, Mişel onun uzun müddət arzusunda olduğu qadındır. Onunla heç nədən qorxmur, sakit və rahatdır.

Yatmış arvadını öpmək üçün əyildi. Amma həmin an telefonun işığı yandı. Mişel oyanıb, telefona baxaraq cəld televizoru açdı. “Ən yaxşı aktyor” nominasiyasında – Heath Ledger, “Ən yaxşı ikinci dərəcəli aktrisa” nominasiyasında – Michelle Williams”. “Başladı,” – deyə pıçıldadı.

 

Nömrəyə zəng gəldi. Lecer çətinliklə kreslodan qalxıb telefonu götürdü: – “Cənab Leceri səhər oyatmaq lazımdırmı?”. “Hə, lazımdır. Cənab Lecer çox pis yatır. Cənab Lecer hətta yatmaq üçün rəngli dərmanlar içir, bilirsiniz? Bu dərmanlar isə ancaq səhərə yaxın 1-2 saatlıq təsir edir. Cənab Lecer həm də təklikdən qorxur, ona görə də diplomları dolu olan bir professorun yazdığı bu rəngli zibilləri içir”. Xəttin o başına bir neçə saniyəlik sükut çökdü. Sonra isə “Cənab Lecerin başqa bir istəyi var?” – deyə soruşuldu. Əsəb gəldiyi kimi də keçdi və Hit eyni sakit tərzdə cavab verdi: “Yox, heç nə lazım deyil. Sadəcə uçuşdan iki saat əvvəl oyadın, kifayətdir, təşəkkürlər”. Bara yaxınlaşıb viski şüşəsini götürdü. Deyəsən, ona demişdilər ki, ciyərlərinə görə içki içmək olmaz. Dərmanlarla eyni vaxt içmək isə qəti olmaz. Yoxsa olar? Yadına sala bilmir. Bu üç il ərzində bütün həkim məsləhətləri ilə Mişel məşğul olurdu. Dərman şüşələrinin üzərində qəbul saatlarını və digər təlimatları qeyd edirdi. Dərman qutusunda həmişə ideal səliqə olurdu. Evdə olduğu kimi. Mişel onun həyatını da öz kontrolu altında saxlayırdı. Nəyin harada olmasını əzbər bilirdi. Əlbəttə, başqa cür ola da bilməzdi. Əgər onların bir evi varsa, demək, bu evin səliqəsinə Mişel cavabdeh idi. Amma ailə həyatındakı rahatlıq “Oskar” mərasiminin səhəri pozulmağa başladı. Hit laureatlar arasında olmasa da, ona olan maraq bir günün içində pik həddə çatmışdı. Piar menecerləri, prodüserləri onu nə qədər qorumağa çalışsalar da, sırtıq müxbirlər və fanatlarla mübarizə elə də asan deyildi. Ard-arda bir neçə filmdən gələn təkliflər arasında Hit seçim edirdi. Əvvəlcə Bob Dilan haqqında olan filmə çəkiləcəkdi. Çəkiliş zamanı Mişellə bərabər çox sevdikləri İtaliya haqqında arzular quracaqlar. Daha sonra Avstraliyada çəkiləcək növbəti film təklifi gələcək. Gözlənilmədən Hit bu təklifi müsbət qarşılayıb vətəninə yollanacaq. Demək olar bir il müddətində Mişeldən uzaq qalacaq. Bu ayrılıq isə onların münasibətinə son qoyacaq.

Bruklindəki evə qayıtmaq isə onu böyük bir boşluğa atırdı. Gecələri bu boşluqdan xilas olmaq üçün saatlarla yaxınlıqdakı parkları gəzirdi. Bəzən darıxmaq hissi o qədər mümkünsüzə çevrilirdi ki, o, Mişelə zəng vurub qayıtmasını xahiş edir, yalvarır, hədə-qorxu gəlirdi. Bəzən isə bu yalvarışlar hönkürtüyə keçirdi. Mişel bu sonsuz zənglərin hər birinə səbrlə cavab verər, onunla saatlarla danışar, sakitləşdirərdi. Bəzən Mişel danışar, o isə çəkiliş meydançasının bir küncündə qucağında qızı Matildanın oyuncağını sıxmış halda yuxuya gedərdi.

 

Şüşəyə baxdı. Üç saatdan az qalıb. Bir azdan dərmanlar öz təsirini göstərəcək, ona yuxu gələcək. Yox, nəsə etmək lazımdır. Dörd aylıq yuxusuzluq və kəsilməyən öskürək artıq son həddə çatıb. Gilliamla filmi çəkəndən sonra mütləq harasa istirahətə getməlidir. Hara oldu. Bircə Pert (Avstraliya, doğulduğu şəhər) olmasın. Sorğu-suala, təəssüflərə filan ehtiyac yoxdu. Ən yaxşısı İtaliyadır. Yox, nə İtaliya? Hər yerdə Mişellə bağlı xatirələr var. Əlindəki stəkanı stola çırpdı. Lənət şeytana, o, axı necə ailəni dağıda bilərdi? Bizim axı arzusunda olduğumuz evimiz var idi. Sənət haqqında, özünütəsdiq barədə söhbətlərlə özünə haqq qazandırmaq – hamısı yalandır. O, uşaqdır və hələ anlamır ki, təkcə ailədə insan özünü təsdiq edir. Hit hər ikisinin yerinə kifayət qədər qazana bilər, təki bilsin ki, onun bir evi və o evdə yolunu gözləyən ailəsi var. Bütün bunları o, Mişelə hələ o vaxt, iyulda bağıraraq demişdi. Hətta demişdi ki, daha çox uşaqlarının olmasını istəyir, Mel Gibsonda olduğu kimi. Amma buna onların vaxtı yoxdu. Mişel ilk dəfə o gün başını qaldırıb onun bu bağırtılarına qarşılıq – “Melin həyat yoldaşı aktrisa deyil,” – demişdi. Daha danışmaq artıq idi. Artıq onun evi yox idi. Manhettendə böyük və qırmızı divanı olan, bardeli xatırladan boş bir mənzili var. Dünyanın ən bahalı otellərində, döşəkağılarından yuyucu tozu qoxan lyuks nömrələrdə də yaşamaq olar. Amma bunların heç biri ev deyil.

 

Londonda otelin nömrəsinə zəng gəldi. Altı-yeddinci zəngdən sonra Hit dəstəyi götürüb onu oyatdığı üçün portyeyə təşəkkür etdi. Aeroport yolunda, soyuq duş və 3-4 stəkan kofenin köməyilə tam ayılmış halda Nyu-Yorkda keçirəcəyi 5 günü planlaşdırırdı. Onun hələ 28 yaşı var və hər şey o qədər də pis deyil. Onun çox az olsa da, arada görüşə bildiyi bir qızı var. Onun işi var. Bəlkə Mişellə də barışmaq olar nə vaxtsa. Tezliklə onun İsveçdəki çəkilişləri bitəcək və Nyu-Yorka qayıdacaq. Əla! Görüşüb danışarlar. Hər şey də yaxşı olar.

 

Üç gün sonra isə Hit Leceri Manhettendəki evində heç kim oyada bilmədi.

 

 

Müəllif: Şahin Xəlil / Film Fiction 22