Mikelancelo Antonioni: Bakı sərgüzəştləri


Dünya kinosunun metr rejissorlarından sayılan Michelangelo Antonioninin 1972-ci ildə Azərbaycanda 10 günlük səyahəti, hətta burada film çəkmək arzusu bu gün çox az adama məlumdur. Biz bu haqda Rima Abdullayevadan öyrəndik. Rima xanım uzun müddət “Azərbaycanfilm” kinostudiyasında çalışmışdır. Və məhz o, Antonioninin Bakı gəzintisində rejissorun yanında olmuşdur.

Antonioninin çətin xarakterli olduğunu yada salan Rima xanım bildirdi ki, rejissor üçün natura axtarışı və bütövlükdə 10 gün onun üçün əməlli başlı kabusa çevrilmişdi. Nə qədər qəribə də olsa, bu gün Antonionini xatırlamaq ona xoşdur.

Antonioni Bakıda nağıl-film çəkmək arzusunda idi. Süjet belə idi: oğlan uşaqları dəniz kənarında səmada çərpələng uçurur. Bəzilərinin çərpələngi bir az uçduqdan sonra düşür. Təkcə bir çərpələng səmaya yüksəldikcə yüksəlir. Əvvəlcə şəhər, sonra ölkə, sonra bütün dünya bu çərpələngi görə bilir. Çərpələng isə yüksəlməkdə davam edir. Təbii ki, çərpələngin yüksəlməsi üçün sap da lazımdır. Nəticədə çərpələngin yüksəlməsi bütün dünya insanlarını çılpaq edir. Günlərin bir günü kosmosda partlayış baş verir və çərpələng yerə enməyə başlayır. Partlayış sonrası Yer kürəsində insanların nəfəs alması çətinləşir və bütün insanlar tələf olur…

Antonioni kosmosa bağlı adam idi. Düşünürdü ki, kosmosla zarafat etmək olmaz. Hətta İtaliyadakı villasında teleskopu da var idi. Şərq nağılların beşiyi sayılır və Antonioni də öz filmini Orta Asiya və ya Vladiqafqazda çəkməyi planlaşdırırdı. “Sovinfilm”lə razılaşdıqdan sonra Antonioni əvvəlcə Moskvaya gəldi. Buradan onu Özbəkistana yönəltdilər. Rejissorun komandasında məşhur ssenarist Toniono Guerra, rus dilində yaxşı bilən alman prodüsser Fon Alexandre və gənc rejissor, VQİK məzunu olan Angelo var idi. Özbəkistanda rejissor Buxara, Xivə və digər şəhərlərdə oldu. Amma burada rejissor istədiyi məkana rast gəlmədi. Ssenariyə görə, dəniz sahilində olan kiçik şəhər lazım idi. Buxaranı avtomobillə gəzən Antonioni quru nəzərlərlə ona təklif olunan məkanlara baxaraq “Gedək” demişdi. Sonra Ermənistan variantı ortaya çıxdı. Ermənistanda təkcə Yerevanda olan rejissor burada da uyğun məkan tapa bilmədi. Gecəni oteldə keçirdi. Otel nömrəsində Antonioninin əsəbi bağırtısı eşidildi. Rejissor döşəküzündə ləkəyə rast gəlmişdi. Vasvası və çətin xarakterli bir rejissor üçün bu, faciəyə bərabər şey idi. “Mən burada bir dəqiqə də qala bilmərəm! Elə bu dəqiqə mən evimə qayıtmaq istəyirəm!” – əmri verən Antonioninin bu istəyi bir gün sonra reallaşır. Çünki gecə olduğundan heç bir reys yox idi. Nə qədər məşhur olsa da, SSRİ hökumətinin qonağı ayrıca təyyarə ilə yola salması da real deyildi. Gecəni nömrəsinə girmədən, otel foyesində keçirən rejissor səbirsizliklə səhəri gözləyir. Səhər ilk təyyarə reysi ilə Ermənistanı tərk edir.

Təyyarə Bakıda eniş edirdi. “Sovinfilm” tərcüməçisi təcili Bakı ilə əlaqəyə keçərək yalvarırcasına “Sizi and verirəm Tanrıya, lütfən, onun qalacağı otelin döşəküzülərində ləkə olmasın” – demişdi Rima xanıma. “Azərbaycanfilm” qonağı qarşılamağı, onu Bakını gəzdirməyi Rima xanıma tapşırmışdı. Rima xanım isə öhdəsinə düşən bu məsuliyyətli işi dərk edərək, dərhal rejissor üçün “İnturist” mehmanxanasında ayrılan otağa yollanıb, təmizliyini, səliqə-səhmanını yoxladı. “İnturist” mehmanxanası adminstrasiyasını Rima xanımın otağın təmizliyini yoxlaması hətta bir qədər acıqlandırdı da. Axı, həmin mehmanxanada Antonionidən də vacib qonaqlar qalırdı. Axtardığı məkan haqqında Antonioni Rima xanıma elə aeroportdaca göstəriş verdi: “Dənizə düşən kiçik şəhərcik istəyirəm”. Uzun müddət beynində qurub quraşdırdığı, çəkib yaratdığı məkanı rejissor “Artyom” adlanan ərazidə tapdı. O məhz belə yer istəyirdi. Cüzi əlavələrdən sonra məkan rejissorun təsvir etdiyi hala gələcəkdi. İstədiyi məkanı tapdıqdan sonra Antonioni kifayətlənmək istəyində deyildi.

“Biz Qaradağ və Qobu kəndlərində də olduq” xatırlayır Rima xanım. “Qobuda Antonioni müsəlman qəbirstanlığında oldu”. Qəbirstanlıq həm rejissorda, həm komandasında böyük marağa səbəb olmuşdu. Çünki dəfn olunmuş insanların qəbir daşları üzərində onların peşələrinə uyğun rəsmlər var idi. Fon Alexandre hətta demişdi “Belə qəbirstanlıqdan dünyada iki yerdə var: biri Yuqoslaviyada, biri də sizdə”. Qəbirstanlıqda Antonioni bir xeyli çəkilişlər apardı. “Antonioni bizim dəyərlərimizi xeyli təəcüblə qarşılayırdı. Bizi yadplanetli kimi görürdü. Şəhər divarlarında SSRİ şüarları onu əsəbləşdirirdi. İçərişəhəri çox bəyənmişdi. Amma orda yerə atılmış zibil-filan görəndə təəcübünü gizlətmirdi. Rejissor inadla xalça tikiş fabrikində olmaq istəyirdi”. Rima xanım o zamanın mədəniyyət naziri Məmməd Qurbanova zəng etdi. Məmməd Qurbanov belə bir fabrikin Qobuda olduğunu dedi. “Onu Qobuya aparın. Orada olmalıdır belə bir tikiş fabriki”. Qobuda, doğrudan da, belə fabrik var idi. Amma xəbərsiz-filansız rejissorla bərabər həmin fabrikə gələn Rima xanım məyus oldu. Böyük bir ərazidə onları insanlarsız fabrik gözləyirdi. Ürəyində “Ay Allah, biz hara gəlmişik!” düşünən Rima xanım, Antonioninin əsəbiləşəcəyini güman etsə də, rejissor əksinə olaraq, çox maraqla məkanı gəzdi. Heçlikdən çəkən rejissora dəbdəbəli, planlaşdırılan qonaq qarşılama mərasimlərindən çox belə yerləri görmək xoş idi. Hətta Özbəkistanda mədəniyyət nazirinin onunla gəzməsi rejissoru acıqlandırmışdı: “Mən anlamıram, siz nazirsiniz, işiniz yoxdur? Siz öz işinizlə məşğul olun, mən də öz işimlə”. Fabrikdə Rima xanım baş mühəndisi tapdı və ondan xahiş etdi ki, fabrik haqqında Antonioniyə məlumat verməkdə kömək etsin. Mühəndis “Bu, o Antonionidir?” soruşub, 15 dəqiqə onu gözləməklərini xahiş edib, sevincək aradan çıxdı, az sonra əynində kostyum qayıdıb, rejissora yanaşdı. Tərcüməçi vasitəsi ilə Antonioniyə dünən oğlunun doğulduğunu bildirən mühəndis, əlində tutduğu övladının doğum şəhadətnaməsinə Antonioninin imza atmasını xahiş etdi. Onu kənd yerində tanıyan, bu cür sevən bir insanın olması Antonionini həyəcanlandırdı və hətta qəhərləndi. İmzanı atdıqdan sonra mühəndisi qucaqlayıb öpdü də. Belə hal məşhur rejissor üçün xarakterik olmadığından, bütün komanda təəcüb içində idi. Antonioni və komandası üçün daha bir unudulmaz məqamlardan biri atəşgah oldu. Taleyin ironiyasından, atəşgaha gələn vaxt o artıq bağlı idi. Rejissorun iş qrafiki bura yenidən gəlməsini mümkünsüz edirdi və Rima xanım nə olursa olsun, rejissorun atəşgahı görməsini istəyirdi. Rima xanımın bir müddət səsləyib, kiminsə olub-olmamasını öyrənmək çağırışlarından sonra, nəhayət ki, qapıda bir nəfər göründü. Qarovul idi. O, nəinki Antonioninin atəşgahı gəzməsinə icazə verdi, hətta rejissora atəşgah haqqında uzun-uzadı və çox maraqlı söhbətlər etdi. Antonioni belə görkəmli bir insanın danışığı, yüksək mədəniyyəti qarşısında donmuş vəziyyətdə idi. Rejissor dözülməz xarakterini gizlətməyə cəhd də etmirdi.

“Dodağı quruduğundan, dodaq kremi olmasa, heç yerə getməyəcəyini inadla bildirən zaman düşündüm ki, ay Allah, bizim rejissorlarımıza can qurbandır” xatırlayır Rima xanım. Yeməkdə də Antonioni xeyli kaprizli idi. Bir tərəfdən vegetarian idi, digər tərəfdən də şəkərli diabet riski olduğundan, həkiminin yazdığı pəhrizi qorumağa çalışırdı. Nahar vaxtı rejissora ya makaron verilirdi, ya da soyutma kartof. Azərbaycanın yağlı mətbəxi rejissorun heç ürəyincə deyildi. Bircə çaxır barəsində məmnun idi. Cəmi bir dəfə isə rejissor pəhrizdə və vegetarian olmasını unutdu. Bu, iş görüşməsi zamanı getdikləri Nardaran kəndində baş verdi… İş görüşü nahar zamanı “düşbərə-qutab”la tamamlandı. Bütün komandanın düşbərə, qutab yediyi zaman rejissor üçün ənənəvi olaraq soyutma kartof və pasta sifarişi verilmişdi. Amma Fon Alexandre və Tonino Guerranın düşbərə-qutabı necə iştah və ləzzətlə yeməsini görəndə rejissor dözmədi. Əvvəlcə marağa bir düşbərə daddı. Dadına əmin olduqdan sonra vegetarian olan rejissor ona da düşbərə və qutab gətirilməsini sifariş etdi.

Antonioni Azərbaycanda film çəkməyi çox istəyirdi. O fəxrlə deyirdi ki, bizim ölkədə istənilən naturanı tapmaq mümkündür. Moskvaya qayıtdıqdan sonra “Sovinfilm”ə inadla Bakıda film çəkmək istədiyini bildirdi. Şirkət bununla razılaşdı, amma şərt irəli sürdü. Filmin neqativi və tirajlanması “Mosfilm”də aparılacaqdı. Antonioni isə inadla bu işin Romada daha keyfiyyətli görüləcəyini bildirirdi. Təbii ki, rejissorun bu əməkdaşlıqdan başı bir dəfə artıq ağrımışdı və ikinci dəfə buna yol verə bilməzdi. Moskva ilə razılaşmadan Romaya qayıdan Antonioninin Azərbaycanla bağlı film arzusu reallaşmadı. Amma Azərbaycandan əliboş qayıtmırdı. Rima xanımın rejissor üçün nazirliyin ayırdığı büdcədən qalan pul (200 rubl) hesabına aldığı “Azərbaycan xalçaları” kitabı və rejissorun özünün çəkdiyi onlarla material.

 

Müəllif: Aynur Mustafayeva
Tərcümə: Şahin Xəlil
Film Fiction 20