Seyyida, ölmərəm…


“The Banshees of Inisherin” filminin motivləri əsasında

İllərdir etdiyim kimi, günorta olunca Kolmun evinə gedib onu çağırdım ki, paba gedək. Səs çıxmadı. Pəncərədən baxdım, içəridə oturub gəmiləri batmış kimi siqaret çəkirdi və yenə mənə məhəl qoymadı. O gün hamı məndən Kolmu soruşdu. Yenidən onlara qayıtdım. Bu dəfə o, məndən öncə evdən çıxıb paba gəlmişdi. Ora gəldiyimdə isə daha mənimlə dostluq etmək istəmədiyini, məndən xoşlanmadığını dedi. Heç nə başa düşmədim. Bəlkə dün içib onun xətrinə dəymişdim. Amma belə də deyilmiş. O, sadəcə bu gün oyanıb mənimlə dostluq etməmək qərarına gəlmişdi. Hər şey bu qədər sadə, mənimçün isə anlaya bilməyəcəyim qədər ağrılı idi.

Bu gün səhər oyanınca 

Heç kimi görmək, danışdırmaq istəmədim,

Xüsusən də Patriki.

Heç bir səbəbsiz,

Və ya özüm bilmədiyim,

Ya da bilib, amma heç kimə deyə bilmədiyim bir səbəbdən.

Hər şey bu qədər sadə deyil amma. Patrik özünü korluğa vurub. Elə digərləri də. Hər şey yaxşıdır təqlidi edirlər illərdir. Yaxşı deyil axı. Bunun fərqinə vardıqda həyat yaşaya bilməyəcəyim qədər ağrılı oldu. Zamanımın qalan hissəsini pabda Patriklə heç etməmək qərarına gəldim. Etmək istədiyim daha vacib işlər var.

Patriki bu halda görmək çox üzücüdür. Ah mənim səfeh qardaşım. Kolm dərin depressiyadadır, bu yəqindir. Yoxsa niyə belə davransın ki. Bu kiçik ada hamımızı bir cür dəli edir. Hər kəs ilk fürsətdəcə tüpürüb getməyə amadədir onsuz, mənim Patrikimdən savayı. O, buradan getməmək üçün həmişə bir bəhanə tapır. Bir ay sonra ona materikdən  yazıb yanıma gəlmək istəyimə tapacağı bəhanələr kimi — dostu eşşək, ağ ayğır, inəklər, keçilər və Kolm.

Kolm mənə bir də ona yaxınlaşsam, barmaqlarından birini kəsəcəyini dedi. Elə belə də dedi. Çox safehcə deyilmi? Təbii ki nə mən, nə də pabdakılar buna inanmadı. Barmaqları onunçün çox əzizdir. Onlarsız skripkada gic-gicə bəstələrini necə ifa edəcək?

Həmin axşam pubda möhkəm içib Kolmla dilləşdim. Sən demə o, dahi bəstəkar olmaq eşqinə düşüb. Unudulmaqdan qorxur və bu cür yadda qalmaq istəyir. Mənim, doğmalarının yadında necə qalmağı onun vecinə deyil. Bu kobudluq məni çox pərişan elədi. Mənim dostum belə insan deyildi, ya da bəlkə o, elə həmişə belə olub? Bilmirəm.

İki aya yaxındır ki, bu gözəl, kiçik, kişilərinin saat 2 olmamış paba yığışaraq pinta pinta ardınca içdiyi adaya köçmüşəm. Hər kəsə mənə dəli kimi baxır. Başa düşüləndir.

Köçmə səbəbim materikdəki müharibə idimi, yoxsa içimdəki, ya da hər ikisi, bilmirəm. Amma az da olsa, bir hüzur tapmağa başlamışdım burada. Kolmu əlində kəsilmiş barmağı, qanı axa-axa yanımdan keçib onu Patrikgilin qapısına vıyıldatdığını gördükdən sonra o, da bitdi. Hamı kimi mən də buna qədər Kolmun dediklərini və Patriklə küskünlüyünü ciddiyə almamışdım. Baxmayaraq ki, iki gün öncə gecə pabdakı mübahisələri məni yamanca mütəəssir eləmişdi. Eyni anda özümü həm Kolmun, həm də Patrikin yerində hiss etmişdim, hər ikisinə haqq vermişdim. Amma kəsik barmaqlar çox oldu. Hə, barmaqlar. Axı Kolm yerdə qalan 4 barmağını də kəsdi o gün və yanımdan keçərək Patrikin həyətinə vıyıldatdı yenə.

Mən sadəcə dostumu qaytarmaq istəyirdim. Hərçənd indi daha çox onun ölməyini istəyirəm. Sevimli eşşəyimin həyətdə onun kəsilmiş qanlı barmaqalarını yeyərək zəhərlənib öldüyü kimi. Paba gedib bunun qisası kimi Kolma sabah ikidə onun evini yandıracağımı dedim və əlavə etdim:

– “yaxşı olardı ki, o zaman itin çöldə, sən isə evin içində olasan”.

Söz verdiyim kimi də etdim. Kolmun evi odlar içində olarkən, mən onun iti ilə öz evimizə döndüm. Sabahı biz sahildə rastlaşdıq. Əvvəlki kimi aqressiv deyildi. Heç mən də. Materikdən də top səsləri gəlmirdi bu gün. Müharibə bitmişdi, deyəsən.

Patrik paba gəlib Kolma sabah onun evini yandıracağını dedikdə mən də orada idim. Bu adada son ayda baş verənlər içimdəki iztirablarla qarışıb yaşanmaz bir hala gətirdi məni. Görünür Şevon düz deyir, bu ada hər kəsi bir cür dəli edir. Sabah saat bir olunca içimdəki Patriki və Kolmu götürüb ikincinin evinə tərəf yollandım. Kolm asta-asta evdən çıxıb təpəni aşaraq sahilə doğru gözdən itdi. Qapını açıb içəriyə, oradan da yuxarı keçdim. Kolmun daha böyük olacağını zənn etdiyim, amma əslində belə olmayan çarpayısında uzanıb tavana zilləndim. Materikdən yenə top səsləri gəlirdi. Müharibə davam edirdi, deyəsən.

Müəllif: Mir Bağır / Film Fiction 41